Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, SOCAR və “Esyasoft Holding” arasında Anlaşma Memorandumu imzalanıb

25 Sentyabr, 2026
 
25 sentyabr 2026-cı il tarixində Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Holding” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
 
Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Esyasoft Holding”in direktoru doktor Bipin Çandra imzalayıblar.
 
Memorandum Azərbaycanda su təchizatı sistemlərinin rəqəmsallaşdırılması və müasir texnologiyalar əsasında idarə olunmasının təkmilləşdirilməsi məqsədilə “Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sistemi”nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.
 
Əməkdaşlıq çərçivəsində layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanın, eləcə də layihənin icra planının hazırlanması nəzərdə tutulur.
 
Layihənin əsas məqsədlərindən biri su ehtiyatlarının idarə olunması və paylanması infrastrukturunun modernləşdirilməsi, texniki və kommersiya su itkilərinin azaldılması, şəbəkənin daha çevik və səmərəli idarə olunması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
 
Nəzərdə tutulan həllər ağıllı su sayğaclarından məlumatların məsafədən toplanması və emalını, su şəbəkəsinin real vaxt rejimində monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmənin tətbiqini əhatə edəcək.
 
Layihənin həyata keçirilməsində “Esyasoft Holding”in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, eləcə də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə olunmuş təcrübədən istifadə edilməsi nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.
 
Memorandumun icrası Azərbaycanın su sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə, su itkilərinin azaldılmasına və su təchizatı sistemlərinin daha səmərəli və dayanıqlı idarə olunmasına töhfə verməyi hədəfləyir.

Digər