Regional Su Meliorasiya Xidməti PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev tədbirdə çıxış edərək partiyanın yaradılmasına aparan tarixi proseslərə toxunub. O qeyd edib ki, 1992-ci ilin oktyabr–noyabr aylarında ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət fonunda tanınmış ziyalıları birləşdirən “91-lərin” Ulu Öndər Heydər Əliyevə müraciəti xalqın iradəsini ifadə edən tarixi təşəbbüs olub. Bu müraciətdən sonra 21 noyabr 1992-ci ildə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyası rəsmi şəkildə yaradılıb.
Zakir Quliyev vurğulayıb ki, partiyanın yaradılmasının əsas məqsədləri dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, müstəqilliyin dönməzliyinin qorunması və milli həmrəyliyin formalaşdırılması olub. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayıb.
Çıxışında o həmçinin qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, o cümlədən su təsərrüfatı və meliorasiya sahəsində kompleks yeniliklər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir.
Sonda Zakir Quliyev Yeni Azərbaycan Partiyasının 33 illik yubileyini təbrik edib, partiyanın yaradılmasının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb və kollektivin bundan sonra da dövlətin inkişaf strategiyasına uyğun fəaliyyət göstərəcəyini bildirib.