Media nümayəndələri yenidən qurulan Şirvan suvarma kanalının tikintisi ilə tanış olublar
28 Oktyabr, 2026
27–28 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində həyata keçirilən iri həcmli işlərlə yerində tanışlıq məqsədilə #mediatur təşkil olunub.
#Mediaturun ikinci günündə media nümayəndələrinə Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, 16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub.
Layihə çərçivəsində tikinti işləri davam etdirilir.
Hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 65 ildən artıq istismar müddətində aparılan əsaslı təmir işlərinə baxmayaraq, torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub.
Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır. Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.
Yeni Şirvan suvarma kanalının ümumi uzunluğu 204 kilometr, maksimal suötürmə qabiliyyəti isə saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisi də həyata keçirilir.
Layihənin icrasına 2024-cü ildə başlanılıb. Hazırda tikinti işləri dörd mərhələ üzrə davam etdirilir. İnşası nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Ümumilikdə, kanalın 134 kilometr hissəsində qazıntı işləri görülüb, 113 kilometr hissəsi beton üzlüklə örtülüb.
Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.
#Mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 20 media qurumunun nümayəndəsi iştirak edir.