Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən 2025-ci ilin yekunlarına həsr olunan hesabat xarakterli tədbir keçirilib.
Tədbirdə Agentliyin sədri Zaur Mikayılov və digər rəhbər şəxslər iştirak edib, 2025-ci il ərzində görülən işlər və əldə olunan nəticələr geniş müzakirə olunub. Müzakirə çərçivəsində əhalinin içməli su ilə fasiləsiz təminatı, tullantı sularının axıdılması sistemlərinin təkmilləşdirilməsi, suvarılan ərazilərdə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunması, eləcə də torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı hesabat təqdim olunub.
Qeyd edilib ki, hesabat dövründə əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilən tapşırıqların icrası təmin olunub, icra intizamı daha da gücləndirilib. Bununla yanaşı, maliyyə və təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması və kadr potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Müzakirələr zamanı sahə üzrə mövcud problemlər və çağırışlar diqqətə çatdırılıb, xidmət keyfiyyətinin yüksəldilməsi, su ehtiyatlarından səmərəli və qənaətli istifadə, eləcə də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Tədbirin yekununda Agentliyin sədri Zaur Mikayılov 2026-cı il üzrə qarşıda duran prioritet vəzifələri müəyyənləşdirib, mövcud problemlərin operativ həlli, infrastruktur layihələrinin ardıcıl şəkildə davam etdirilməsi və sahə üzrə institusional inkişafın təmin olunması istiqamətində aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verib.
Vurğulanıb ki, qarşıdakı dövrdə su təsərrüfatı və meliorasiya sahəsində dayanıqlı inkişafın təmin edilməsi, su ehtiyatlarının səmərəli idarə olunması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi əsas prioritet istiqamətlər olaraq qalacaq.