İyunun 12-də Qusar rayonunun Avaran kəndində müasir içməli su təchizatı infrastrukturunun ikinci mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, BP şirkətinin və “İSFA” MMC-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihə kənd sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmasına xidmət edir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Ramin Sadıqov, dövlət qurumlarının, BP şirkətinin və “İSFA” MMC-nin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Regional Su Meliorasiya Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Ramin Sadıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün regionlarında su təsərrüfatı və kommunal infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Avaran kəndində icra edilən layihə dövlət-özəl tərəfdaşlığının uğurlu nümunələrindən biri olmaqla sakinlərin uzunmüddətli və etibarlı içməli su təminatına mühüm töhfə verir.Layihənin birinci mərhələsi çərçivəsində Cağar-Cibir su kanalından Avaran kəndinə 1,4 km uzunluğunda magistral su xətti çəkilib, 10 250 m³ həcmində su anbarı və 2 000 m³ həcmində lil çökdürmə hovuzu inşa olunub. Nasos stansiyası və üçmərhələli təmizləmə sisteminə malik müasir su təmizləyici qurğu tikilərək istismara verilib. Həmçinin 18 km uzunluğunda su xətləri çəkilərək 125 abonentin içməli su təchizatı təmin edilib.Layihənin ikinci mərhələsində isə 32 km uzunluğunda yeraltı plastik su xətləri çəkilib, 259 evə su xətləri birləşdirilib və müasir tipli sayğaclar quraşdırılıb.Layihənin hər iki mərhələsinin yekununda Avaran kəndində mövcud olan 384 evin hamısı mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşularaq dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilib.