03–04 iyun 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qarabağ bölgəsində həyata keçirilən iri həcmli layihələrlə yerində tanışlıq, həmçinin 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə Ağdərə rayonunda yerləşən Sərsəng Su Anbarı, eləcə də Xankəndi və Şuşa şəhərlərinin içməli su təchizatı sistemlərində görülən işlər barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə mediaturun təşkili nəzərdə tutulub.
Mediaturun birinci günü Ağdərə rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirilib.
Mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 16 media qurumunun nümayəndələri yer alıblar.
Qeyd edək ki, Sərsəng su anbarı Ağdərə rayonu ərazisində Tərtərçayın üzərində yerləşir və 1976-cı ildə istifadəyə verilib. Anbarın ümumi həcmi 560 mln. kub metrdir.
Ümummilli Lider Heydər Əliyev Sərsəng su anbarının layihələndirilməsi və Su Elektrik Stansiyasının tikintisi proseslərində, eyni zamanda Sərsəng su anbarının istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində iştirak edib.
Sərsəng Su Anbarı Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlax və Ağcəbədi rayonlarının ümumilikdə 96 217 hektar əkin sahəsinə xidmət etmək üçün nəzərdə tutulub.